Hər bir millət öz milli qəhrəmanları ilə daima qürur hissi duyur. Hal-hazırda Azərbaycanın 218 Milli Qəhrəmanı var və onlardan yalnız 16 nəfəri sağdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu gün gənclərimizin əksəriyyəti Azərbaycanın Milli Qəhrəmanlarını yaxşı tanımır və ya onlarla bağlı tam olaraq məlumatlı deyillər. Gənclər onların adlarını bilməli, onlarla qürur duymalı, onların bioqrafiyasını öyrənməli, həmin insanlara bənzəməyə çalışmalı və onlar haqqında məlumatları gələcək nəsillərə ötürməlidirlər. Bu böyüyən nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin bir hissəsi olmalıdır..
Bütün bunları nəzərə alaraq, 2015-ci ildə Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli Qəhrəmanlarımızı Xatırlayaq və Tanıdaq” layihəsi çərçivəsində özündə zəngin məlumatları birləşdirən Azərbaycan və İngilis dillərində www.milliqahramanlar.az saytı hazırlanmışdır.
Qeyd edək ki, “Milli Qəhrəmanlarımızı Xatırlayaq və Tanıdaq” layihəsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.3. Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi bəndinə uyğun olaraq Gənclər və İdman Nazirliyinə təqdim olunmuşdur.
2019-cu ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun dəsətəyi ilə www.milliqahramanlar.az saytı yenidən işlənərək, saytın imkanları genişləndirilmiş və yeni görkəmdə ictimaiyyətə təqdim olunmuşdur.
2020-ci ilin sentyabr-dekabr aylarında Mənəvi Dəyərlərin Təbliği Fondunun dəsətəyilə sayt yenidən təkmilləşdirilərək saytın rus dili bölməsi əlavə olunmuş, 218 Milli Qəhrəman haqqında olan bütün məlumatlar rus dilinə tərcümə olunaraq saytda yerləşdirilmişdir.Layihənin keçirilməsində əsas məqsəd ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycanın milli qəhrəmanlarının tanıdılması və gənclərə bu uca ada layiq olan hər bir Milli Qəhrəmanlarımız, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında tam ətraflı məlumat verməkdən ibarətdir. İnanırıq ki, bu sayt gənclərimiz üçün faydalı informasiya mənbəyi olacaqdır. .
İnanırıq ki, bu sayt gənclərimiz üçün faydalı informasiya mənbəyi olacaqdır.
Layihə rəhbəri: İmaməddin Quliyev Gənclərin Dostluq Şəbəkəsi İctimai Birliyinin sədri