10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıdakı 199 saylı orta məktəbi bitirib. 1992-ci ilin avqust ayında Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordumuzun sıralarında xidmətə çağırılıb. Bəxtiyar 776 saylı hərbi hissədə əsgəri xidmətə başlayır və tez bir zamanda komandirlərin hörmətini qazanır. O, 1992-ci ilin oktyabrında cəbhəyə yola düşür. Əvvəlcə Qubadlı bölgəsində gedən qanlı döyüşlərdə iştirak edir. Sonra Füzuli, Murovdağ əməliyyatlarında əsl qəhrəmanlıq nümunəsi göstərir. 1994-cü ildə onu Tərtər, Ağdərə bölgəsinə göndərirlər. Bəxtiyar müddətdən artıq xidmətə keçirilir. O, harada, hansı cəbhədə xidmət etməsindən asılı olmayaraq, hər yerdə öz əsgəri andına sadiq qalır, onu layiqincə yerinə yetirməyə çalışırdı. Cəsur, qorxmaz və yetkin hərbçi olduğunu nəzərə alan komandanlıq onu qrup komandiri təyin edir. Ən qaynar nöqtələrdə göstərdiyi misilsiz döyüş rəşadətinə görə Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. 1995-ci ildə Müdafiə nazirinin əmri ilə B.Allahverdiyevi hərbi biliyini artırmaq məqsədilə Türkiyə Respublikasına göndərirlər. 1996-cı ildə o, ixtisas kursunu müvəffəqiyyətlə başa vurub, doğma hissəyə qayıdır. 1997-ci ildə isə gizir rütbəsi alaraq, 196 saylı hərbi hissənin kəşfiyyat taqımına komandir təyin olunur. B.Allahverdiyev 1998-99-cu illərdə Zabitləri Təkmilləşdirmə və Gizirlər kurslarında təminat taqımının komandiri, 1999-2000-ci illərdə isə Bakı Ali Komandirlər Məktəbində taktika kafedrasının təlimatçısı vəzifələrində çalışmışdır. Həmin ilin oktyabr ayında ordudan tərxis olunmuşdur. O, 2001-ci ildə işləyə-işləyə Polis Akademiyasında təhsilini davam etdirmişdir. Xətai rayon Əlahiddə Polis İdarəsinin Polis Bölüyündə çalışmışdır. Hazırda İsmayıllı rayonunda sahə müvəkkili vəzifəsində çalışır. Subaydır.