5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində dünyaya göz açmışdır. 1975-ci ildə ailəvi Bakı şəhərinin Lökbatan qəsəbəsinə köçmüşlər. Orta təhsilini Qaradağ rayonunun 233 saylı Lökbatan qəsəbə orta məktəbində almışdır. O, 1986-cı il oktyabrın 11-də hərbi xidmətə çağırılmışdır. Özbəkistanda dörd ay snayperlik kursunda hazırlıq keçdikdən sonra Əfqanıstana göndərilmişdir. Atıcı batalyonunda xidmət edirdi. Müharibənin nə qədər ağır, dözülməz və çətin olduğunu burada başa düşdü. Lakin bu barədə evlərinə bir kəlmə də olsun yazmırdı. Ağır döyüş əməliyyatlarının birində yaralandı. Bir neçə ay hospitalda müalicə olunduqdan sonra, yenidən hərbi hissəyə qayıtdı. Xidmət zamanı göstərdiyi şücaətlərə görə bir neçə dəfə medallarla, fəxri fərmanlarla təltif edildi. 27 oktyabr 1989-cu ildə ordudan tərxis olundu. Cəmil Vətənə dönərək DİN-nin Səbail rayon Yanğından Mühafizə İdarəsində işləməyə başladı. Həmin vaxtlar erməni təcavüzü yenicə başlamışdı. Bir peşəkar hərbçi kimi Cəmil Vətənin onun kimi oğullara ehtiyacı olduğunu bilərək, rəhbərliyə raportla müraciət edir. O, 10 mart 1992-ci ildə torpaqlarımızı erməni işğalçılarından müdafiə etmək üçün silah götürür. Cəbhədə ezamiyyət müddəti bitəndən sonra yenidən komandanlığa müraciət edərək döyüş bölgəsində qalmağa razılıq alır. O, Ağdam döyüş bölgəsində vuruşur. Bir çox əməliyyatlarda mərdliklə vuruşan cəsur döyüşçü 1992-ci il mart ayının 29-da Ağdamın Şelli kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Subay idi. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Cəmil Səmədxan oğlu Niftəliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Vaxtilə oxuduğu 233 saylı orta məktəb və Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən gəmisi onun adını daşıyır.