1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində doğulmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1968-70-ci illərdə Ermənistan Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək, bədən tərbiyəsi müəllimi ixtisası almışdır. Həmin ildən öz kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1979-cu ildə isə Xocalı şəhərinə köçərək 1 saylı məktəbdə ixtisası üzrə müəllim işləmişdir. 1988-ci il hadisələri başlayanda gizli şəkildə yaradılmış Xocalının Müdafiə Şurasının ilk beş üzvündən biri də Ələsgər müəllim idi. Elan edilməmiş müharibə qızışdıqca, ermənilər azğınlaşdıqca onlara qarşı keçirilən əks-əməliyyatlarda Ələsgər müəllim həmişə fərqlənmiş, demək olar ki, ən cəsur döyüşçülərdən biri olmuşdur. O, 30-40 nəfərlik silahlı dəstəyə başçılıq edirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə... Xocalı soyqırımı... Ələsgər həmişəki kimi yenə də öz döyüşçüləri ilə postda idi. Ermənilər onun rəhbərlik etdiyi dəstənin tutduğu mövqeyə nə qədər mərmi yağdırsa da, onlar postu təslim etmədilər. O müdhiş gccədə hamının müəllim kimi tanıdığı Ələsgər qəhrəman Ələsgərə çevrilmişdi. O, hansı amal uğrunda vuruşduğunu yaxşı bilirdi. Qüvvələrin bərabərsizliyi və döyüş sursatının tükənməsi öz işini gördü. Düşmən cəsur döyüşçünü böyük çətinliklə əsir götürür, o, Xankəndində min bir işgəncə ilə qətlə yetirilir. Ailəli idi. Üç övladı həyatda yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ölümündən sonra Məhəmməd Əsədov adına mükafata layiq görülmüşdür. Doğma kəndi Kürdhacıda dəfn edilmişdir.