26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində doğulmuşdur. Orta təhsilini buradakı orta məktəbdə almışdır. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş və bir ildən sonra hərbi xidmətə çağırılmışdır. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirmişdir. V.Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavodunda başlamışdır. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçmüşdür. 1992-ci ildə doğma torpağında gedən döyüşlərdə iştirak etmək üçün Vətənə dönmüşdür. 1992-ci il may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdur. Sıravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir, batalyon komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürmüşdü. Batalyonun başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçir, onların canlı qüvvəsi, texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları qələbəyə səsləyirdi. V.Orucov Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Drombon, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək, düşmənin neçə-neçə planını puça çıxarmışdı. O, 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralandı. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtdı. O, cəsur bir döyüşçü kimi həmişə doyüş əməliyyatlarının önündə gedirdi. Yoldaşları onu əfsanəvi qəhrəman kimi tanıyırdılar. 22 mart 1993-cü il... Son döyüş... O, Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak oldu. Evli idi. Bir oğlu yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.