1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində dünyaya göz açmışdır. O, yeddinci sinfi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1954-cü ildə texnikumu bitirmiş və Ağdam Atçılıq Sovxozunda mexanizator işləməyə başlamışdır. 1965-ci ildən isə o, öz fəaliyyətini sürücü kimi davam etdirmişdir. 1988-ci ildə müharibənin ilk qığılcımları görünürdü. O, Qarabağ müharibəsinin ilk qurbanları olan Əli və Bəxtiyarın ölümündən sonra Xalq Hərəkatına qoşuldu. Erməni basqınının qarşısının alınmasında böyük rolu olan Baxşeyiş, ayrı-ayrı kəndlərə ərzaq çatdırılmasında, yollar bağlanan zaman isə əhalinin bir yerdən başqa yerə köçürülməsində fəal iştirak etmişdir. O, “Qarabağ müdafiə şahinləri” dəstəsinin ən fəal döyüşçüsü sayılırdı. Xramort kəndinin ermənilərdən təmizlənməsində əsl igidlik göslərmişdir. Döyüşçülər arasında “ağsaqqal” ləqəbi ilə tanınan Baxşeyiş Paşayev mahir atıcı olmaqla, həm də gözəl kəşfiyyatçı idi. Dəfələrlə Fərrux, Aranzəmin, Naxçıvanik, Xanabad kəndlərinə kəşfiyyata getmiş, onun məlumatları əsasında aparılan hücum əməliyyatları uğurla nəticələnmişdir. O, 10 aprel 1992-ci ildə Şuşakənddə ermənilərin çox mühüm döyüş nöqtələrini məhv etmək üçün vertolyotçularımıza bələdçilik etmişdir. Baxşeyiş Xocalı faciəsi zamanı əhalinin çıxarılmasında böyük fədakarlıq göstərmişdir. 1992-ci il iyulun 12-də düşmən Xanabad kəndinə hücuma keçmişdi. Baxşeyişin dəstəsi cavab olaraq, düşmənin 7 postunu ələ keçirdi. Yaraqlılar gözlənilməz hücumun qarşısında aciz qalmışdı. Lakin qəfil düşmən gülləsi xalqımızın igid oğlu Bəxşeyiş Paşayevin ömrünü qırdı. Ailəli idi. Doqquz övladı var. Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.