20 sentyabr 1966-cı ildə Cəlilabad rayonunun Əliqasımlı kəndində doğulmuşdur.
1992-ci ilin iyun ayı... Qədim Naxçıvanın Sədərək bölgəsi... Burada qanlı döyüşlər gedirdi. Arif də silaha sarılmışdı. Onun komandir olduğu tabor düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv etdi. A.Qubadovun dəstəsi 1993-cü ilin iyun ayında Ağdam rayonuna göndərildi. Rayonun Əfətli, Yusifcanlı kəndlərinin düşmən tapdağından azad edilməsində ölüm-dirim mübarizəsinə girişən dəstə, düşmənə layiqli cavab verdi.
O, 1993-cü ilin avqustunda öz taboru ilə Füzuli bölgəsinə yollandı. Əhmədbəyli, Aşağı və Yuxan Kürdmahmudlu, Alxanlı kəndləri məhz Arif Qubadovun rəhbərliyi altında düşməndən təmizləndi.
O, 1994-cü ildə Tərtər və Ağdərə döyüşlərində də fəal iştirak etdi.
Bu xidmətlərinə görə, Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qubadov Arif Vəliş oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirmişdir. 2001-ci ildə isə o, Azərbaycan Respublikası Sərhəd Qoşunları Hərbi Akademiyasına daxil olmuş və 2003-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
Ailəlidir. İki oğul, iki qız atasıdır.
Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Arif Qubadov 43 yaşında Türkiyədə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında 26 sentyabr 2009-cu ildə vəfat etmişdir.