19 sentyabr 1963-cü ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində doğulmuşdur. 1980-ci ildə orta məktəbi bitirib, Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olur. Üçüncü kursda oxuyanda hərbi xidmətə çağırılır. Əsgəri xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmək fikrindən daşınır. Çünki onun marağı artıq başqa bir sahəyə yönəlmişdi. O, 1982-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olur. 1986-cı ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək orada müəllimlik etməyə başlayır. İki il sonra Aqilin həyatında ən narahat günlər başlayır. 1988-ci ildə Dağlıq Qarabağda baş verən hadisələr, digər tərəfdən isə valideynlərinin erməni şovinistləri tərəfindən doğma yurdlarından vəhşicəsinə qovulması onu bərk narahat edirdi. O, nigarançılığa son qoymaq üçün ailəsini də götürüb Bakıya gəlir. Ailəsinə müvəqqəti sığınacaq tapır və sonra təzəcə yaranmaqda olan Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş edir. Bu müraciətdən sonra onu 45 nəfər döyüşçü ilə birlikdə Ağdam bölgəsinə göndərirlər. Leytenant A.Quliyev rota komandiri təyin edilir. Vətən müdafiəçiləri sırasında onun kiçik qardaşı Nəsimi də var idi. Nəsimi isə kəşfiyyat qrupuna başçılıq edirdi. Aqilin həyata keçirdiyi ilk əməliyyat Xocalıda oldu. 366-cı motoatıcı alay Xocalıya doğru irəliləyirdi. Aqil Quliyev dinc əhalinin müdafiəsini təşkil eləmək üçün nə qədər işlər gördü. 1992-ci ilin fevral ayı... Artıq Xocalı mühasirədə idi. Erməni yaraqlıları 366-cı rus alayın köməyinə arxalanaraq insanları vəhşicəsinə qırırdılar. Aqil öz rotası ilə düşmənə bir neçə dəfə sarsıdıcı zərbə endirdi. 1992-ci il fevralın 18-dən 25-nə qədər davam edən döyüşlərdə rota komandiri böyük rəşadətlə döyüşdü, onlarla erməni faşistini məhv etdi. O, bu döyüşlərin birində - “Qaz kontoru” deyilən yerdə hər iki ayağından yaralandı. Fevralın 25-i... Döyüş dostları onu təhlükəsiz yerə aparmağa cəhd göstərirlər. Amansız ölüm onları yerindəcə haqlayır. Aqilin də ömrü qırılır. Onun cəsədini faciədən 5 gün sonra hadisə yerindən götürmək mümkün olur. Ailəli idi. Bir qızı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Quliyev Aqil Sahib oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakının Bayıl qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önündə xatirə lövhəsi vurulub.