11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saatlı kəndində doğulmuşdur. 1980-ci ildə Saatlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. Elə həmin il Mingəçevir şəhərindəki 39 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş və qaynaqçı peşəsinə yiyələnmişdir. 1992-ci il avqustun 25-də Bərdə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. O, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində PDM-də tuşlayıcı-atıcı kimi döyüşə başlamış, Batabat ərazisində gedən döyüşlərdə mərdliklə vuruşmuşdur. 1993-cü il iyulun 28-dən Ağdam bölgəsində döyüşmüşdür. Sonra Füzuli bölgəsinə göndərilmişdir. Mirzə Quliyev Füzuli, Tərtər və Ağdərə rayonları uğrunda gedən qanlı döyüşlərdə əsl fədakarlıq nümunəsi göstərmiş, PDM-lə düşmənin bir neçə tankını və xeyli canlı qüvvəsini məhv etmişdir. Respublika prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə, döyüşlərdə göstərdiyi şücaətə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Mirzə Quliyev dövlətçiliyimizin qorunmasında öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi rəşadətə görə daha yüksək ada - “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. M.Quliyev 1995-ci ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil olmuşdur. 1996-cı ilin oktyabr ayında çavuş rütbəsi ilə Milli Ordu sıralarından azad edilərək, daxili işlər orqanlarına işə göndərilmişdir. 1997-ci ildə Bakı şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirmişdir. 2003-cü il mart ayının 5-də Daxili İşlər Nazirliyinin əmri ilə ona leytenant rütbəsi verilmiş və Nəsimi rayon 20-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. İndi də bu vəzifədə çalışır. Ailəlidir. Bir övladı var.