Çingiz Qurbanov — Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının əsgəri Çingiz Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində anadan olub. O, məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetindən 2016-cı ildə məzun olub. 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Çingiz Qurbanov 2016-cı ilin 29 dekabr tarixində Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur. Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşmüşdür. Düşmən tərəfi döyüş toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edildi. Çingiz Qurbanov erməni təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərmiş və şəhid olmuşdur. Düşmən 3 həftədən çox müddətdir ki, bütün beynəlxalq normaları pozaraq Azərbaycan ordusunun şəhid olmuş əsgəri Çingiz Qurbanovun cəsədini qaytarmaqdan imtina edirdi. Nəhayət Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılmışdır. Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutdu. Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilmişdir. Şəhidlə vida mərasimi fevralın 6-da səhər saat 09:30-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilmişdir. Şəhid Çingiz Qurbanov fevralın 6-da böyük izdihamla Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.