13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində doğulmuşdur. 1992-ci ildə burada orta məktəbi bitirdikdən sonra bir müddət “Nəvai” adına sovxozda işləmişdir. 1993-cü ildə Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. O, Sumqayıtda və Qusarda hərbi təlim keçmişdir. 1994-cü il yanvarın 18-də cəbhəyə göndərilmişdir. O, ilk döyüşlərə kəşfiyyatçı kimi başlamışdır. Hərbi təlimlərdə qazandığı təcrübə, mətinlik qızğın döyüşlərdə onun köməyinə çatırdı. O, 172 saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə yaxından iştirak edir, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmət və təşəkkürlərini qazanırdı. O, Vətən torpağının hər qarışını öz canından əziz tuturdu. Arif Qədiməliyev Ağdərə, Tərtər bölgələrində aparılan əməliyyatlarda rəşadət nümunəsi göstərirdi. 1995-ci il... 13-17 mart... Bu, müstəqil Azərbaycanın tarixində ən faciəli səhifələrdən biri idi. O, dövlət çevrilişi cəhdinin qarşısının alınmasında, dövlətçiliyimizə qənim kəsilən qüvvələrin zərərsizləşdirilməsində, müstəqil Azərbaycan uğrunda öz canını qurban verdi. Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qədiməliyev Arif Maasif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Dağ Kəsəmən kəndində dəfn edilmişdir. Ağstafa şəhərində büstü qoyulmuşdur, adına mədəniyyət evi var.