2 iyul 1962-ci ildə Şuşa şəhərində doğulmuşdur. 1979-cu ildə H.Hacıyev adına 4 saylı Şuşa şəhər orta məktəbini bitirdikdən sonra Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1982-ci ildə ordudan tərxis olunur və doğma Şuşaya qayıdır. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Ramiz sonradan çalışdığı idarəyə mühəndis təyin edilir. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur, işləyə-işləyə ali təhsilini davam etdirir. R.Qənbərov 1988-ci ildə Xalq Hərəkatına qoşulur və erməni təcavüzünə qarşı ilk mübarizə aparanlardan biri olur. Ramizin qəlbinə bu müqəddəs fikir hakim kəsilmişdi; Millət! Vətən! Torpaq! Azadlıq! O, Moskvada Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında fəal iştirak edirdi. Bəzən haqsız təzyiqlərə, təqiblərə məruz qalsa da, yolundan dönmür, ölümün gözünə belə dik baxırdı. O, Azərbaycana qarşı erməni təcavüzünün ilk illərindən torpaqlanmızın müdafiəsinə qalxanların ön sıralarında idi. R.Qənbərov 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradır və özü də həmin batalyona başçılıq edir. Cəsur döyüşçü öz batalyonu ilə Şuşa şəhərinin, eləcə də Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuş, quldur yuvalarının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunələri göstərmişdir. Erməni yaraqlıları 29 aprel 1992-ci ildə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücuma keçirlər. R.Qənbərov öz batalyonu ilə köməyə gedir. Düşmən xeyli itki versə də, geri çəkilmək bilmirdi. Bu qeyri-bərabər döyüşdə igid komandir ağır yaralanır. Bir gün sonra, 1992-ci il aprelin 30-da o, gözlərini əbədi yumur. Subay idi. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qənbərov Ramiz Bulud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Şuşa şəhərində dəfn edilib. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.