1968-ci il fevral ayının 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində dünyaya göz açmışdır. Əhmədavar kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra, bir müddət kolxozda işləmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini raket qoşunlan hissəsində keçmişdir. Burada hərbi texnikanın sirlərinə mükəmməl yiyələnmişdir. Hərbi xidməti elə bir vaxta təsadüf edirdi ki, erməni quldurları tez-tez kəndlərimizə soxulur, görünməmiş vəhşiliklər törədirdilər. Sovet Ordusunda xidməti başa çatdıqdan sonra o, hərbi hissədə qalıb təhsilini davam etdirdi. Leytenant rütbəsi aldı. O, komandanlığa raport yazıb Azərbaycana qayıtdı. Ölkəmiz həyəcanlı günlər yaşayırdı. O, döyüş paltarı geyindi. Canbulaq bir komandir kimi Xramort, Xanabad, Əsgəran, Qarakənd, Gülablı kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşdu. 1992-ci il fevralın 26-ı... Qəfil xəbər Canbulağı sarsıtdı. Ermənilər Xocalıya soxularaq rus silahlı birləşmələrinin köməyilə qanlı qırğın törətmişdilər. Od tutub yanan şəhərin yüzlərlə sakini qətlə yetirilmiş, canını götürüb qaçanlar isə Qarabağ boyunca hara gəldi səpələnmişdilər. Canbulaq tankına oturub Qaraqaya kəndi tərəfə üz tutdu. Kənd hər tərəfdən güclü atəş altındaydı. Xocalıdan çıxan əhalinin xeyli hissəsi bu kəndə sığınmışdı. Dalbadal iki sərrast atəş... Düşmən mövqeyi bir göz qırpımında darmadağın edildi. Bunu görən döyüşçülərimiz kənddə sığınacaq tapmış qız-gəlinləri oradan çıxardılar. Az keçmədi ki, düşmən yenidən Qaraqayanı hədəfə aldı. Cəsur komandir düşməni yenə cavab atəşilə qarşıladı. Bu, onun son döyüşü oldu. Canbulaq bu döyüşdə əsl qəhrəman kimi həlak oldu. Evli idi. Ailəsində iki oğlu böyüyür. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canbulaq Yaqub oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Məzarı düşmən tapdağında olan Ağdamın Şəhidlər xiyabanındadır.