11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində doğulmuşdur. 1959-cu ildə Unannovu kənd orta məktəbinə getmiş, 1969-cu ildə həmin məktəbi bitirmişdir. 1971-74-cü illərdə ordu sıralarında olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Yağı düşmən torpaqlarımıza basqın edən vaxtdan, bir polis işçisi kimi əhalinin təhlükəsizliyinin təmin edilməsində və quldurların tutulub zərərsizləşdirihnəsində yaxından iştirak etmiş, fədakarlıqlar göstərmişdir. Onun şücaəti nəticəsində Qaladərəsi kəndini keçməyə cəhd edən iki erməni cəsusu yaxalanmışdır. Salatın Əsgərovanın həyatına qəsd edən quldurların ələ keçirilməsində də onun böyük əməyi olmuşdur. 1991-ci ilin yazında Qaladərəsi kəndini erməni quldurlarından təmizləmək məqsədilə plan hazırlanır. Gecədən səhərə kimi davam edən ağır döyüşdə erməni yaraqlıları güclü müqavimətlə rastlaşdılar və geri çəkilməyə məcbur oldular. İsrafil Şahverdiyev öz rotası ilə 1992-ci il sentyabrın 19-dan noyabrın 17-ə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, dəfələrlə kəşfiyyata getmiş, düşmənin yerinin təyin olunmasında qəhrəmanlıq göstərmişdir. 6 yanvar 1994-cü il... Onun rotası Füzuli rayonunun kəndlərini erməni işğalından azad etmək üçün döyüşə girir. Rota Horadiz qəsəbəsini, eləcə də digər 4 kəndi azad edir. İgid komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olur. Rota bir neçə istiqamətdən hücuma keçərək, düşmənin əsas qüvvəsini sarsıdır. Düşmənin müqaviməti qırılmaqda idi. Cəsur komandir yaralı döyüşçülərimizə kömək etmək üçün pulemyotun arxasına keçir. Bu an qarşı tərəfdən atılan mərmi onun həyatına son qoyur. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Laçın rayon orta məktəblərindən biri qəhrəmanın adını daşıyır.