15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd səkkizillik məktəbini bitirdikdən sonra, təhsilini həmin kənddəki qiyabi orta məktəbdə davam etdirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılmışdır. 1986-cı ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurub Xankəndi şəhər Daxili İşlər İdarəsinin mühafizə şöbəsinə işə qəbul edilir. 1990-cı ildə Yuxarı Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Daxili İşlər Nazirliyi Cəmilli kəndində polis bölməsi yaradır. Ş.Salahov ilk gündən bölmədə fəaliyyətə başlayır. 1991-ci ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa şəhər fılialında fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olur. Cəmilli kəndində yaradılmış bölmə, əsasən Kosalar və Cəmilli kəndlərini mühafizə edirdi. Bu kəndi Xankəndindən cəmi 3 kilometr məsafə ayırırdı. Ş.Salahov ermənilər tərəfindən olan hücumların qarşısının alınmasında əsl hünər göstərirdi. 1991-ci il fevral ayının 26-da ermənilər üç tərəfdən - Ballıca, Xənəzək və Xankəndi istiqamətlərindən Cəmilli kəndinə güclü hücuma keçdilər. Həmin döyüşdə Ş.Salahov neçə-neçə erməni quldurunu məhv etdi. 1991-ci il avqust ayının 23-də erməni quldurları Kosalar - Cəmilli kəndləri arasındakı “Darlı” adlanan yerdə, içərisində 21 nəfər sərnişin olan “UAZ” markalı maşını atəşə tutdular. Nəticədə üç nəfər şəhid oldu. Şakir şəhidlərin qanını yerdə qoymadı. Cəmilli kəndi işğal olunduqdan sonra, 1992-ci il yanvarın 28-də o, yenidən Kosalar kəndinin müdafiəsinə yollanır. Ağdam-Şuşa marşrutu ilə uçan vertolyot ermənilər tərəfindən vurulur. Sərnişinlər düşmənə təslim olmamaq üçün özlərini vertolyotdan ataraq, həlak olurlar.Onların arasında Ş.Salahov da vardı. Subay idi. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.