15 sentyabr 1957-ci ildə Samara vilayətinin Sızran şəhərində doğulmuşdur. 1974-cü ildə 21 saylı Sızran şəhər orta məktəbini bitirdikdən sonra o, Sızran Politexnik İnstitutuna daxil olur. 1975-ci ildə təhsilini Ali Hərbi Təyyarəçilər məktəbində davam etdirir. Sergey 1979-cu ildə həmin məktəbi bitirib, Belorusiya Hərbi Dairəsinə göndərilir. Burada ona əvvəlcə şturman - təyyarə operatoru, sonra isə vertolyot komandiri vəzifəsi həvalə olunur. Sergey Mİ-8 və Mİ-24 vertolyotlarının uçuş proqramını da dərindən öyrənmişdi. 1989-cu ildə o, Zaqafqaziya Hərbi Dairəsindəki hərbi hissələrdən birinə komandir müavini vəzifəsinə təyin edilir. Sergey Aleksandroviç birinci dərəcəli təyyarəçi, paraşüt idmanı üzrə ustalığa namizəd idi. O, 1 fevral 1992-ci ildən başlayaraq xidmətini Azərbaycan Respublikası Silahlı Qüvvələrində davam etdirir. Onu 843 saylı hərbi hissənin Təlim-Məşq Mərkəzinin təyyarəçi təlimatçısı vəzifəsinə təyin edirlər. Mayor S.Senyuşkin Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında yaxından iştirak edən peşəkar təyyarəçilərdən idi. O, təlim-məşq mərkəzində Mİ-24 döyüş vertolyotunun uçuşlarını həyata keçirmək üçün hərbi xidmətə gələn mülki təyyarəçiləri hazırlaşdırır və onlarla bərabər, erməni işğalçılarına qarşı Qarabağda aparılan döyüş əməliyyatlarında iştirak edirdi. Sergey hərbi vertolyotla Xocalıya uçur. Qoca, qadın və uşaqların təhlükəli zonadan çıxarılmasında böyük fədakarlıq göstərir. O, yaralanmışdı. Lakin buna baxmayaraq, öz borcunu layiqincə yerinə yetirirdi. O, 29 fevral 1992-ci ildə qəhrəmancasına həlak oldu. Ailəli idi. İki qızı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə mayor Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Öz vətənində - Samara vilayətinin Sızran şəhərində dəfn edilib. Bakının Xətai rayonunda adına küçə var.