3 dekabr 1953-cü ildo Bakı şəhərində doğulmuşdur. 1961-ci ildə 164 saylı orta məktəbə getmiş, 1971-ci ildə 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunmuşdur. 1975-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır.O, işləyə-işləyə təhsilini artırmağı da unutmamışdır. 1986-cı ildə Moskvada Frunze adına Hərbi Akademiyaya qəbul olunur. 1989-cu ildə Akademiyanı bitirərək, polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi göndərilir. O, eyni zamanda, Almaniyada təkmilləşdirmə kursu da keçir. 1990-cı ildə 20 Yanvar hadisəsindən sonra Azərbaycana qayıdır. O, Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ilin fevral ayında isə Respublika Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilir. Xidməti vəzifəsi ilə əlaqədar olaraq tez-tez sərhəd bölgələrində olurdu. 1992-ci il mart ayının əvvəllərində Goranboy rayonuna gələrək, işğal olunmuş ərazilərin erməni yaraqlılarından azad olunması əməliyyatını hazırlayır və həmin əməliyyata bilavasitə rəhbərlik edir. Rayonun bir sıra kəndləri düşmən tapdağından azad olunur. Növbəti dəfə Ağdərədə uğurlu əməliyyat həyata keçirdi. Bu əməliyyat nəticəsində düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi məhv edildi, ən başlıcası isə, Tərtər rayonunun top və raket atəşinə tutulmasına son qoyuldu. Hələ qarşıda onu çətin əməliyyatlar gözləyirdi. 1992-ci il iyunun 13-də yenidən Ağdərəyə yola düşdü. Düşmən təslim olmaq istəmirdi. Gərgin vəziyyət yaranmışdı. Şikar Şikarov batalyonu ayağa qaldırıb, hücum əmri verdi. Bir qədər sonra ermənilər geri çəkilməyə başladılar. Lakin Şikar Şikarov bu döyüşdə həlak oldu. Uğurlu döyüş əməliyyatları nəzərə alınaraq ona polkovnik rütbəsi verilmişdi. Ailəli idi. İki övladı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Qobustan rayon Sündü kənd orta məktəbi onun adını daşıyır.