1964-cü il fevralın 12-də Bakı şəhərində - xalq şairi Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açmışdır. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmişdir. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirməklə o, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir. Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır, Dağlıq Qarabağın işğalçılardan təmizlənməsində fəal iştirak etmək istəyirdi. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşdü. Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanmışdı. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, dönə-dönə qəhrəmanlıq nümunəsi göstərmişdi. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarmış, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Döyüş şücaətlərinə görə o, DİN-nin “Boz qurd” mükafatına layiq görülmüşdü. 1992-ci il... 31 yanvar... Təbriz Xəlilbəylinin son doyüşü... O, bu döyüşdə qəhrəmancasına həlak oldu. Ailəli idi. Türkay və Gültac adlı iki qızı var. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına Xatirə lövhəsi vurulub.