29 iyun 1954-cü ildə Füzuli rayonunun Hoğa (Üçbulaq) kəndində doğulmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı orta məktəbin səkkizinci sinfini bitirmiş, sonra orta təhsilini 1 saylı Yevlax şəhər orta məktəbində tamamlamışdır. 1971-ci ildə Mingəçevir Politexnik Texnikumuna qəbul olmuşdur. 1972-ci ildə Füzuli rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. 1974-cü ildə xidmətini Ukrayna Respublikasında başa vurduqdan sonra, texnikumda yarımçıq qalmış təhsilini tamamlamışdır. O, 1975-ci ildə Novosibirsk şəhər Milis Şöbəsinə təyinat alır. Burada milis baş leytenantı rütbəsinə qədər yüksəlir. Elxan Zülfüqarov 1988-ci ildə məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq doğma yurdunun müdafiəsində iştirak etmək üçün bir çox həmvətənlərimiz kimi ailəsi ilə birlikdə Vətənə qayıdır. 1992-ci ildə Milli Ordu sıralarına qoşulur. Bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində 40-dan çox əməliyyatda iştirak edir və özünü bacarıqlı hərbçi kimi göstərir. Qısa müddətdə kapitan rütbəsinə yüksəlir. O, 702 saylı hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə təyin edilir. Erməni, rus dillərini mükəmməl bildiyinə görə dəfələrlə kəşfiyyata gedir, düşmənin mühüm strateji obyektlərinin aşkara çıxarılıb məhv edilməsində bilik və bacanğını əsirgəmir. Elxan Zülfüqarov 4 yanvar 1994-cü ildə yenidən kəşfiyyata yollanır. Onun əldə etdiyi mühüm məlumatlardan sonra rayonun 19 kəndi erməni yaraqlılarından təmizlənir, xeyli hərbi texnika və silah qənimət götürülür. Elə həmin gccə - 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə Elxan qəhrəmancasına həlak oldu. Ailəli idi. Dörd övladı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.