20 dekabr 1956-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1972-ci ildə Bakıdakı 134 saylı məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti - red.) daxil olmuşdur. O, 1976-cı ildə hüquq fakültəsini bitirib, 1981-ci ilə qədər Respublika Ədliyyə Nazirliyində hüquq məsləhətçisi vəzifəsində işləyir. 1982-ci ildə Minsk Ali Hərbi Məktəbini bitirib Bakıya qayıdır və Milli - kəşfiyyat idarəsində fəaliyyətə başlayır. Azərbaycan torpağında gedən müharibə bir zabit kimi onu rahat buraxmırdı. Elə buna görə də o, bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edir. Riad Əhmədov 1989-cu ildən etibarən tez-tez Qarabağın sərhəd bölgələrinə gedirdi. O, döyüşlərin fəal iştirakçısına çevrilmişdi. 1991-ci ildə erməni yaraqlılarının mühüm strateji dayaq məntəqələrindən biri sayılan Çaykəndin azad edilməsi əməliyyatında xüsusi igidlik göstərdiyinə görə yüksək mükafata layiq görüldü. O, artıq polkovnik-leytenant rütbəsində idi... 1992-ci ilin yanvarı... O, keçmiş Əfqanıstan döyüşçülərini başına toplayıb, xüsusitəyinatlı dəstə yaradır. 1992-ci il... Yanvarın 22-i... O, öz dəstəsi ilə Şuşaya göndərilir. Yanvarın 26-ı... Daha bir çətin döyüş tapşırığı... Riad dəstədən 11 nəfər götürür. Dəstə Şuşa-Laçın yolunun üstündə ən böyük maneə olan Daşaltının düşməndən təmizlənməsində iştirak edənlərə kömək göstərməli idi. Vəziyyət çox ağır idi. Qeyri-bərabər gedən döyüşdə Riad itkin düşdü. Sonrakı taleyi haqqında məlumat yoxdur. Ailəli idi. İki qızı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Əhmədov Riad Fikrət oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Hazırda 203 saylı orta məktəb onun adını daşıyır.