11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Buradakı 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. O, 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurub doğma yurda dönür və Lənkəran şəhər Əhaliyə Məişət Xidməti İdarəsində əmək fəaliyyətinə başlayır. Bir müddət burada çalışdıqdan sonra Lənkəran Konserv Kombinatında, sonra isə “Sevinc” kiçik müəssisəsində işləyir. O, respublikamızda baş verən ictimai-siyasi hadisələrdə yaxından iştirak edir, Xalq Hərəkatının öncüllərindən biri olur. Respublikanın müstəqilliyi uğrunda canından belə keçməyə hazır olan Etibarı 1990-cı ildə keçmiş Sovet Ordusunun əsgərləri 30 gün həbsdə saxlayırlar. Lakin bu hədə-qorxu onu yolundan döndərə bilmir. Ölkənin başının üstünü qara buludlar aldığı vaxtlarda da Etibar öz doğma el-obasına dayaq olub. 1993-cü il avqustun 23-də “Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə dövlətimizi parçalamağa can atan bir qrup azğın separatçı Azərbaycanın cənub bölgəsində qatmaqarışıqlıq saldı. Bu ağır günlərdə ncçə-neçə günahsız insan qətlə yetirildi. Azğınlaşmış cinayətkar ünsürlərin həddini aşmasına dözməyən qəhrəman oğullarımız ayağa qalxdılar. Keçirilən əməliyyatlarda Etibar Əliyev xüsusi fəallıq göstərərək, ön cərgədə gedirdi. Onu “Əhsən! Əhsən!” -deyə alqışlayırdılar. Nadan gülləsi ondan yan keçmədi. O, Vətənin Bütövlüyü, suverenliyi yolunda qəhrəmanlıq göstərərək, əbədiyyətə qovuşdu. Ailəli idi. İki qız yadigarı var. Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Adına Lənkəran şəhərində küçə var. Şəhərin “23 Avqust” meydanında büstü qoyulub.