5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrüfatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışmışdır. 1983-cü ildə onu DİN-nin təyinatı ilə İsmayıllı rayon DİŞ-nə qəbul edirlər. Bir müddətdən sonra işini Gədəbəy rayon DİŞ-nin mühafizə bölməsinə dəyişirlər. İ.Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhər DİŞ-də sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. O, rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmış, “Milis əlaçısı” döş nişanına layiq görülmüşdür. 1988-90-cı illər... Erməni quldurları müxtəlif səmtlərdən Azərbaycanın ayrı-ayrı bölgələrinə silahlı basqınlar edir, dinc əhalini gülləbarana tuturdular. 19 avqust 1990-cı il... Leytenant İ.Əliyev torpaqlarımızın müdafiəsinə göndərildi. Qazax rayonunun Aşağı Əskipara kəndi od-alov içində yanırdı. Ermənistanla həmsərhəd olan bu kənd fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən atəşə tutulurdu. İlham 11 nəfərlik dəstə ilə məktəbin binasını özünə mövqe seçir, quldurların kəndə soxulmasına mane olur. Düşmən ağır itki verməsinə baxmayaraq geri çəkilmək istəmir, kəndi mühasirəyə almağa çalışırdı. Artıq məktəb də təhlükə altında idi. İlham yoldaşlarını xilas etmək üçün düşməni özünə cəlb etdi. Vəziyyət anbaan çətinləşirdi. O, qarın nahiyəsindən ağır yaralandı. Onu Qazax rayon xəstəxanasına çatdırsalar da, artıq gec idi... Evli idi. Bir övladı var. “Qırmızı Ulduz” ordeninə layiq görülüb. Azərbaycan Respublikası prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəman” adına layiq görülmüşdür. Gədəbəy rayonunda dəfn edilib.Gədəbəy şəhərindəki 1 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbin Önündə büstü qoyulmuşdur.