16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayəti Qala-Asiya kənd sovetliyinin 22 saylı sovxozunda dünyaya gəlmişdir. 1963-cü ildə Daşkənd vilayətinin Akkurqan rayonunda yerləşən Lomonosov adına 1 saylı orta məktəbin birinci sinfinə getmiş, 1973-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Elə həmin ildə də əmək fəaliyyətinə başlamışdır. 1975-ci ildə Akkurqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Ukraynanın Çerkassk şəhərində xidmət edən İsgəndər 1977-ci ildə ordudan tərxis olunmuşdur. O, nümunəvi hərbi xidmətə görə dəfələrlə komandanlığın təşəkkürlərinə və Fəxri fərmana layiq görülmüşdür. İsgəndər 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olmuşdur. 1983-cü ildə ali təhsilini başa vurub təyinatla Daşkənd vilayəti Axanqaran rayonu Qalyakudur sovxozuna göndərilmişdir. İsgəndər bir müddətdən sonra - 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana - Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda çalışmağa başlayır. Erməni işğalçılarının torpaqlarımıza basqını İsgəndərin qəlbini qəzəb və intiqam alovuna bürüyür. 21 aprel 1992-ci il... O, Milli Ordu sıralarına könüllü yazılır. Onu 861 saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Baş leytenant İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində peşəkar hərbçi kimi düşmənin mühüm hərbi bazalarının məhv edilməsində şəxsi nümunə göstərir. İsgəndər Aznaurov ağır döyüşlərin birində düşmənin dörd topunu sıradan çıxararaq onlarla erməni yaraqlısını məhv etmişdir. Onun rəhbərliyi altında keçirilən əməliyyat zamanı sərrast top atəşləri ilə düşmən mövqelərinə ciddi zərbələr vurulur, silah-sursat anbarları dağıdılırdı. Nazdıxanyal uğrunda gedən döyüşlərdə İsgəndər Aznaurov əsl igidlik nümunəsi göstərdi. O, döyüş yoldaşlarının köməyi ilə azğınlaşmış düşmənin qarşısını kəsib güclü müqavimət göstərdi. Erməni faşistləri öz məğlubiyyətlərini hiss edib, geri çəkilməyə məcbur olur. 18 aprel 1993-cü il... İgid zabit son döyüşə girir və bu döyüşdə qohrəmancasına həlak olur. Evli idi. Üç qızı həyatda yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir. Onun adına Şınıx bölgəsində “İsgəndər qalası” var. Kür qəsəbəsindəki 1 saylı məktəb qəhrəmanın adını daşıyır. Məktəbin girişində büstü qoyulmuşdur, 2 saylı orta məktəbdə isə onun şərəfinə “Xatirə guşəsi” yaradılmışdır.