(14.10.1981, Neftçala r-nunun Həsənabad q. – 4.4.2016, Tərtər r-nunun Talış k.) –
Azərbaycanın Milli Qəhrəmanı (19.4.2016, ölümündən sonra).
Samid Gülağa oğlu İmanov 1981-ci ilin 14 oktyabr günündə Neftçala rayonunun
şimalında, Kür çayının sahilində yerləşən Həsənabad qəsəbəsində (dövrün
Sovetabad qəsəbəsi) anadan olub.
Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci
sinfinə getdi, 1998-ci ildə isə həmin məktəbi bitirdi. Elə həmin ildəcə Heydər
Əliyev adına Ali Hərbi Məktəbə qəbul olan İmanov 2003-cü ildə həmin hərbi
məktəbi fərqlənmə diplomu ilə bitirdi və Azərbaycan Respublikasının 3-cü
Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görüldü.
Samid İmanov 2013-cü ildə ailə həyatı qurub. Onun bir qızı və bir oğlu var.
Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı
Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük
komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət
edib.
Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən gənc zabit
Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb.
Elə bu yolda Samid İmanov Türkiyə Respublikasında “Daxili təhlükəsizlik
əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən
sərbəst atlamaq” kurslarına qatıldı. 2007-ci ildə “Anadolu-2007” və “Anadolu
Qartalı-2007” birgə taktiki təlimlərlə yanaşı Samid İmanov həmdə Pakistanda
“Ləpirçi və antiterrorist”, İsveçrədə “Dağ təlimi”, Rumıniyada isə “Dağa
dırmanma üzrə təlimatçı” kurslarında iştirak etdi.
2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş
verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə
keçdi və əməliyyat keçirdi. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20
hərbi qulluqçusu məhv edildi.
Samid İmanov həmdə bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri
general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra
isə mayor İmanov öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə
qayıtdı, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandasının
köməkçi vəzifəsini icra etdi.
Samid İmanov 2015-ci il 9 mayda Rusiya Federasiyasının Moskva şəhərində,
“Qırmızı meydan”-da faşizm üzərində qələbənin (1941-1945) 70 illiyi ilə bağlı baş
tutan hərbi parada qatılıb. Bununla bağlı ona medalda təqdim olunub.
Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatıldı.
Azərbaycan-Ermənistan təmas xəttində 24 il fasilədən sonra başlayan amansız
döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmən ilə
atışdı.
Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə
ayağından və çiynindən qəlpə yarası aldı. Əsgərlər onu döyüş meydanından
aparmağ istəsədə, Samid İmanov buna qəti sürətdə etiraz etdi və onun əvəzinə
yaralı gizirin çıxarılmasını əmr etdi. Əsgərlərin etirazına baxmayaraq isə mayor
İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verdi. Yaralı giziri döyüş
meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq
Samid İmanovu aparmağ üçün yenidən döyüş meydanına qayıtdı, amma mayor
İmanov artıq orada deyildi. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra
erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşdı. Bütün mərmiləri qurtaran
mayor İmanov düşmənə erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara
saxlamışdı. Səhərə gədər əsgərlər ona tapmadığı üçün isə mayor Samid İmanov
qan axma nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 8-i Samid İmanovun
nəşi neytral ərazidən götürüldü və doğma Neftçala rayonuna aparıldı.
Aprelin 9-u isə mayor Samid İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər
Xiyabanında izdihamla son mənzilə yola salındı.
2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan
Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı
ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında
xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə
görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adına layiq görüldü.
Mayın 16-sı isə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir
Həsənov mayor Samid İmanovun ölümündən sonra layiq görüldüyü
“Azərbaycanın Milli Qəhrəmanı” adını mayorun atası Gülağa İmanova təqdim
etdi.
Doğum tarixi: 14.10.1981
Vəfat tarixi: 04.04.2016