Əliyeva Hökümə Cəlil qızı 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub.
Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşərək Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.
1996-cı ildə Rusiyaya köçüb və bir müddət Volqoqrad vilayətində yaşamışdır. Hökümə Əliyeva burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb.
Daha sonra ailəsi Gəncəyə köçüb və Hökümə Əliyeva burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Təhsilini magistr və doktorantura pillələrində də davam etdirən Hökümə Əliyeva 2016-cı ildən etibarən Azərbaycan hava yollarında işləməyə başlayıb.
Əvvəlcə tərcüməçi olaraq fəaliyyətə başlayan Hökümə Əliyeva daha sonra Azərbaycan Hava Yolları (AZAL) şirkətində stüardessa kimi işə davam edib.
Yaxın günlərdə isə Azərbaycan Hava Yolları (AZAL) şirkətində hüquqşünas kimi fəaliyyətə başlayacaqdı.
25 Dekabrın 2024-cü ildə AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
O, təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biridir.
33 yaşlı Hökümə Əliyeva son ana qədər sərnişinlərə təlimat verib və onlara “Hər şey yaxşı olacaq” deyərək təmkinli olmağa səsləyib. Ailəli idi.
AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunub.
Prezident İlham Əliyevin "Embraer 190" tipli sərnişin təyyarəsində qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında 29 dekabr 2024-cü il Sərəncamına görə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunub.