Pəncəli Nurməhəmməd oğlu Teymurov 24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində dünyaya gəlmişdir. O, 1986–1998-ci illər ərzində Astara rayonunda yerləşən B. Rüstəmov adına Asxanakəran tam orta məktəbində təhsil almışdır. 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə cəlb olunmuşdur.
Hərbi xidmətini başa vurduqdan sonra könüllü şəkildə xidmətini yeni formalaşdırılmış Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirmiş və 17 il müddətində Azərbaycan Ordusunun sıralarında xidmət etmişdir.
Pəncəli Teymurov 2013-cü ilin avqust ayında ailə həyatı qurmuşdur. Toy mərasimində şəhidlik arzusunu dilə gətirməsi onun şəxsiyyəti və həyat yolu ilə bağlı geniş ictimai diqqət cəlb etmişdir.
Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı Tərtər istiqamətində gedən hərbi əməliyyatlarda iştirak etmişdir. O, döyüş yoldaşları Murad Mirzəyev, Samid İmanov və Muhud Orucovla birlikdə Talış yüksəkliklərinin azad edilməsi uğrunda aparılan döyüşlərdə xüsusi fəallıq göstərmiş və 3 aprel 2016-cı ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Hərbi xidməti dövründə ona həvalə olunan tapşırıqları yüksək səviyyədə icra etdiyinə görə müxtəlif döyüş mükafatları və medallarla təltif edilmişdir. Onun iştirak etdiyi ən mühüm əməliyyatlardan biri 24 iyun 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonu ərazisində keçirilmiş xüsusi əməliyyat olmuşdur. Həmin əməliyyat zamanı düşmənə məxsus bir neçə hərbi texnika, ağır artilleriya qurğuları və iyirmidən artıq hərbi qulluqçu zərərsizləşdirilmişdir.
Pəncəli Teymurov 11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilmişdir.