Vaqif Qurbanov 30 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Tovuz rayonunun Qovlar kəndindəndir. 1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirmişdir.
Təhsilini başa vurduqdan sonra SSRİ Hərbi Hava Qüvvələrinin tərkibində, Əfqanıstan müharibəsi dövründə formalaşdırılmış və Su-25 təyyarələri ilə təchiz edilmiş Sitalçay aviasiya polkunda zabit kimi xidmətə başlamışdır. Sonralar Azərbaycan ərazisində yerləşən aviasiya hissələrində xidmət etmiş, Gəncə, Yevlax və Kürdəmirdə hərbi aviasiya alaylarının yaradılmasında fəal iştirak etmişdir.
Vaqif Qurbanov 20 aprel 1991-ci ildə Nəzakət xanımla ailə həyatı qurmuşdur. Sevinc adlı bir qızı olmuşdur. Qızı dünyaya gəldikdən dörd ay sonra Vaqif Qurbanov Qarabağda şəhid olmuşdur.
Sevinc Qurbanova Bakı Dövlət Universitetini bitirdikdən sonra atasının yolunu davam etdirmək məqsədilə zabit hazırlığı kursuna daxil olmuş və 2015-ci ildən Azərbaycan Ordusunda xidmətə başlamışdır.
1992-ci ilin aprel ayında Vaqif Qurbanov azərbaycanlı hərbçilərin və aviasiya mütəxəssislərinin köməyi ilə Sitalçay aerodromundan Su-25 hərbi təyyarəsini Azərbaycan tərəfinə keçirir. Təyyarə Yevlax mülki hava limanına endirilir. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri tarixində ilk döyüş təyyarəsi arsenalına daxil olur.
Təyyarə təhlükəsizlik məqsədilə bir müddət Şəki aeroportu ərazisində gizlədilmişdir. Rusiya tərəfinin təyyarənin qaytarılması ilə bağlı tələblərinə baxmayaraq, bu mümkün olmamışdır.
Vaqif Qurbanov ilk döyüş tapşırıqlarını 8 may 1992-ci ildən etibarən Şuşa istiqamətində yerinə yetirməyə başlamışdır. Aşağı hündürlükdə uçuşlar həyata keçirərək düşmənin canlı qüvvə və texnikasına ciddi zərbələr endirmişdir.
Mayın 8–9-da həyata keçirilən döyüş uçuşları nəticəsində erməni silahlı birləşmələri böyük itkilər vermişdir. 9 may 1992-ci ildə Qurbanov Xankəndidən Yerevana uçan Yak-40 təyyarəsinə hücum etmiş, təyyarə Sisianda məcburi eniş etmiş və sonradan yanmışdır.
12 iyun 1992-ci ildə Şaumyan istiqamətində həyata keçirilən əməliyyat nəticəsində düşmənin müdafiə xətti yarılmış, 20-yə yaxın yaşayış məntəqəsi azad edilmişdir. O, həmçinin Martuni, Əsgəran rayonunun Şoş və Xramort kəndləri, Çaykənd və Ay-Paris istiqamətlərində döyüşlərdə iştirak etmişdir.
13 iyun 1992-ci ildə Vaqif Qurbanov Goranboy–Ağdərə istiqamətində üç döyüş uçuşu həyata keçirmişdir. Səhər saatlarında onun idarə etdiyi Su-25 təyyarəsi Naxçıvanik–Əsgəran ərazisində düşmən qüvvələri tərəfindən zenit qurğusu ilə vurulmuşdur.
Şahid ifadələrinə görə, Vaqif Qurbanov paraşütlə təyyarəni tərk etsə də, yerdə düşmən tərəfindən atəşə tutulmuşdur. Azərbaycan tərəfinin onu xilas etmək cəhdləri nəticəsiz qalmışdır.
Vaqif Qurbanov Azərbaycan hərbi aviasiyasının tarixində xüsusi yer tutan şəxsiyyətlərdən biridir. Onun göstərdiyi şücaət və fədakarlıq Azərbaycan Hərbi Hava Qüvvələrinin formalaşmasında mühüm rol oynamışdır.
2025-ci ildə Vaqif Bəxtiyar oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.