14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində anadan olmuşdur. 1967-ci ildə ailəsi ilə birlikdə Əli Bayramlı şəhərinə köçmüşdür. 1972-ci ildə burada səkkizinci sinfi bitirərək təhsilini peşə məktəbində davam etdirmişdir. Sürücü ixtisasına yiyələnən Tahir, 1977-ci ildə Əli Bayramlı şəhər Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Tahir Bağırov 1979-cu ildə atıcı taqımının komandiri kimi ordudan tərxis olunmuşdur. Bir müddət Qazaxıstanda yaşadıqdan sonra, 1987-ci ildə Bakıya köçmüşdür. Tahir Bağırov 1988-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatında yaxından iştirak etmişdir. O, bir müddət Xətai rayon istilik-enerji müəssisəsində sürücü işləmişdir, 1990-cı ildə 20 Yanvar faciəsi törədilən vaxt, yaralıların xilas edilməsində, onların təhlükəsiz yerlərə aparılmasında onun böyük xidməti olmuşdur.
Tahir 1992-ci ilin yanvarında könüllülər dəstəsinə yazılır və 2 ay təlim keçdikdən sonra 843 saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin olunur. T.Bağırov Xocalı faciəsi zamanı dinc əhalinin və yaralıların daşınmasında böyük rəşadət göstərmişdir. Onun sərrast atıcılıq qabiliyyəti Füzuli, Ağdərə və Laçın rayonlarında saysız-hesabsız döyüş uçuşlarına imkan yaratmışdır.
1992-ci il... Oktyabrın 11-i... Növbəti döyüş tapşırığı... Laçının Səfiyan kəndi uğrunda gedən ağır döyüşdə mühasirəyə düşən əsgərlərimizi xilas edib, geri dönərkən, onun vertolyotu erməni yaraqlılan tərəfindən vuruldu. Bütün heyət həlak oldu.
Ailəli idi. İki oğlu var.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Bağırov Tahir Əminağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
Həzi Aslanov qəsəbəsindəki 59 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur. Suraxanı rayonunun Əmircan qəsəbəsindəki küçələrin biri qəhrəmanın adını daşıyır.