30 iyun 1976-cı ildə Saatlı rayonunun Qıraqlı kəndində dünyaya göz açmışdır. 1983-cü ildə burada birinci sinfə getmiş, 1993-cü ildə onuncu sinfi bitirmişdir. Bir il təsərrüfatla məşğul olmuşdur. 1994-cü ildə Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. O, 777 saylı hərbi hissədə xidmət edirdi. Qısa müddətdə əsgər və zabitlərin dərin hörmətini qazanmışdı, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirirdi. Doğma Azərbaycanımız müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək, ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci il 17 mart hadisəsi bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Erməni qəsbkarlarının törətdiyi fəlakətlərdən, faciələrdən başı ayılmayan Azərbaycan təhlükəli anlar yaşayırdı. Xalq həyəcan içində idi. Milli Ordumuz dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla aldı. Həmin gün Elşən də öz vətəndaşlıq borcunu yerinə yetirirdi. Qəfil güllə Elşənin ömrünə son qoydu. Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-i il tarixli 307 saylı fərmanı ilə Hüseynov Elşən İbrahim oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Saatlı rayonunun Qıraqlı kəndində dəfn edilmişdir. Saatlı rayon Mərkəzi xəstəxanası onun adını daşıyır.