9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuşdur. 1966-cı ildə rayonun 3 saylı orta məktəbinə getmiş, 1976-cı ildə təhsilini başa vurmuşdur. 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. 1979-cu ildə Murmanskda hərbi xidmətini başa çatdırdıqdan sonra Kiyev şəhərinə gəlir. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə texnikumu bitirir və buradakı “Kommunist” zavodunda əmək fəaliyyətinə başlayır. 1987-ci ildə Vətənə qayıdır və vaxtilə oxuduğu 3 saylı orta məktəbə ibtidai hərbi hazırlıq müəllimi təyin edilir. O, daim öz üzərində çalışır, təhsilini davam etdirmək barədə düşünürdü. Elə bu məqsədlə 1989-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil oldu. Soydaşlarımızın doğma ata-baba yurdundan didərgin düşməsi, obalarımızın erməni işğalçıları tərəfindən talan edilib, yandırılması Məhəmmədin qəlbini düşmənə qarşı qəzəb hissi ilə alovlandırırdı. 1988-ci ildən başlayaraq Goranboy rayonu tez-tez erməni təcavüzünə məruz qalırdı. 1991-ci il... O, bölük komandiri təyin edilir. Bir qədər sonra 1 saylı ərazi özünümüdafiə batalyonunun komandiri olur. Döyüş yolu Mənəşli, Erkəc, Rus Borisi, Erməni Borisi, Qaraçinar, Talış kəndlərindən keçir. Getdikcə mətinləşən batalyon, bir-birinin ardınca uğurlar qazanır. 14 iyun 1992-ci il... Keçmiş Şaumyan rayonu ərazisinin erməni faşistlərindən təmizləməsində bu batalyon böyük rəşadət göstərir. Ağdərə bölgəsinin geri alınmasında da bu batalyonun xidmətləri qürur doğurur. Döyüşlərdə böyük şücaət göstərən cəsur komandir, 8 sentyabr 1992-ci ildə batalyon ləğv edildikdən sonra, öz fəaliyyətini 019 saylı hərbi hissədə davam etdirmişdir. 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbini bitirmiş, 1994-2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş müəllim vəzifəsində işləmişdir. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdir. 2002-ci ildən Goranboy rayonunun Veysli kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı. Ailəlidir. İki qız, iki oğul atasıdır. Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
9 noyabr 2020-ci ildə avtomobil qəzasına düşür və 18 noyabr 2020-ci il tarixində vəfat edir.