22 fevral 1970-ci ildə Bakı şəhərində doğulmuşdur. 1987-ci ildə Nəsimi rayonundakı 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmışdır. 1990-cı ildə ordudan tərxis olunmuş, sənədlərini Bakı Dövlət Universitetinə vermiş və tarix fakültəsinə daxil olmuşdur. Torpaqlarımızın bir hissəsinin erməni qəsbkarları tərəfindən işğal edilməsi, soydaşlarımızın öz dədə-baba yurdlarından qovulması Tahir üçün ağır dərd idi. Ailənin yeganə övladı olmasına baxmayaraq o, universitetin ikinci kursundan könüllü olaraq Vətənin müdafiəsinə qalxan igidlərin sırasına qoşulur. Tahir Həsənovu, desant alayında xidmət etməsini, yüksək fiziki peşə hazırlığını nəzərə alaraq, kəşfıyyat qrupuna komandir təyin edirlər. Cəsur komandir Yuxarı Qarabağda, Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında torpaqlarımızın müdafiəsində fəal iştirak edərək, mərdliklə vuruşmuşdur. 1992-ci il... Sentyabrın 2-i... O, Çıldıran yüksəkliyində aparılan uğurlu əməliyyatdan dönərkən öz dəstəsi ilə, sayca qat-qat üstün olan düşmənlə döyüşə girməli olur. Kəşfiyyatçılarımız son nəfəslərinədək vuruşurlar. Düşmənin onları əsir götürmək niyyəti baş tutmur. O, son anda özünü qumbara ilə partladaraq, özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir. Subay idi. Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Təhsil aldığı 23 saylı orta məktəb onun adını daşıyır.