27 oktyabr 1971-ci ildə Gəncə şəhərində fəhlə ailəsində doğulmuşdur. 1979-cu ildə Mir Cəlal adına Kəpəz rayon 39 saylı orta məktəbinin birinci sinfinə getmiş, 1987-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1987-1990-cı illərdə 8 saylı texniki-peşə məktəbində avtomobil çilingəri peşəsinə yiyələnmişdir. 1990-cı il noyabrın 26-da Kəpəz Rayon Hərbi Komissarlığından hərbi xidmətə göndərilmişdir. İqor Bakıda desant qoşunları hissəsində xidmət keçirdi. Sonra onu Rusiyanın Rostov vilayətinə göndərirlər. Burada 6 ay çavuş məktəbində təhsil alır. Azərbaycanda baş verən hadisələr İqoru bərk narahat edirdi. İqor hərbi xidmətini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun bu gəlişinə razı deyildi. İqor anasına inadla deyirdi: “Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim Vətənimdir. Özümü də bu torpağın övladı sayıram. Övlad Vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə onun yolunda canımı da qurban verərəm”. İqor belə də etdi. O, heç kəsə bir söz demədən Bakıya gəlir və Daxili İşlər Nazirliyinin qoşun hissələrindən birinə yazılır. Elə həmin gündən də həyatını cəbhəyə bağlayır. O, çox mərd, cəsur döyüşçü idi. Tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. Çox keçmədi ki, onu taqım komandirinin müavini vəzifəsinə təyin etdilər. 1992-ci il iyunun 5-i... Səhər saat 6... Erməni quldurları Naxçıvanik kəndinə qəflətən hücuma keçmişdilər. İqorun qoruduğu post kənd qəbristanlığının yaxınlığında yerləşirdi. Bu zaman o, istirahətdə olan bütün əsgərləri ayağa qaldırıb postu möhkəmləndirdi. Ermənilər xeyli canlı qüvvə ilə hücuma keçmişdilər. Döyüş bir saata yaxın davam etdi. İqor öz əsgərləri ilə postu qoruyurdu. Lakin əsgərlərdən 7-8 nəfəri yaralandı. Qalanlar isə geriyə çəkilməyə məcbur oldular. İqorla birlikdə 3-4 əsgər öz yaralı dostlarını maşına çatdırdılar. Həmin döyüşdə ermənilər kəndi aldılar. Lakin bu cəmi 3-4 saat çəkdi. Döyüşçülərimiz yenidən hücuma keçərək kəndi geri aldılar. Ağdam və Tərtər vuruşlarından sonra Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin geri oturdulması üçün çoxlu qüvvə lazım idi. Bu zaman Ağdamda yerləşən hərbi hissədən Ağdərə bölgəsinə köməyə bir dəstə göndərdilər. İqor da həmin dəstədə idi. Ağdərə uğrunda gedən döyüşlərdə İqor mərdliklə döyüşürdü. 2 avqust 1992-ci il... Son döyüş... “Vışka” yüksəkliyi alınmalı idi. Düşmən çox güclü idi. İqor “Nikulin” ləqəbli bir azərbaycanlı igidlə birlikdə pulemyotla ön cərgədə idi, düşmənə öz gücünü göstərirdi. O, 28 nəfərin mühasirədən çıxmasına kömək edərək onların həyatını xilas etdi. Lakin onun özü xilas ola bilmədi. Bu ağır döyüşdə İqor qəhrəmancasına həlak oldu. Subay idi. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Makeyev İqor Vladimiroviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Sadıllı qəsəbəsində adına küçə var.