1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya göz açmışdır. 1975-ci ildə İ.Səfərli adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirmişdir. 1976-cı ildə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlamışdır. O, işləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Bakı Dövlət İqtisad Universiteti - red.) ali təhsil alır. 1987-ci ildə həmin institutun mühasibat uçotu fakültəsini bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin edilir. 1988-ci ildə Xalq Hərakatına qoşulur. 1990-cı il 20 Yanvar faciəsi zamanı rus ordusunun əsgərləri ona ağır işgəncələr verir. Lakin bu işgəncələr Y.Mirzəyevi sındırmır, əksinə, daha da mətinləşdirir. Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, eləcə də Dağlıq Qarabağda ermənilərin törətdiyi qanlı cinayətlər onu bir an belə rahat buraxmırdı. O, 1991-ci ilin sonlarında sakit həyatla vidalaşıb, könüllü olaraq cəbhə bölgəsinə yollanır. Y. Mirzəyevin ilk döyüşü Ağdərə - Goranboy istiqamətində olur. O, tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilir. Komandanlıq onun belə cəsur əsgər olduğunu görüb, briqada komandirinin təchizat üzrə müavini təyin edir. Y.Mirzəyev 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edirdi. Ağdərədə 17 kəndin alınmasında isə onun müstəsna xidmətləri olmuşdur. O, döyüşlərin birində öz dəstəsi ilə mühasirəyə düşür. Lakin çevikliyi və cəldliyi sayəsində heç bir itki vermədən, döyüşçüləri mühasirədən çıxarır. O, 1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olmuşdur. Ailəli idi. Bir qızı var. Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Naxçıvan şəhərindəki məktəblərdən birinə və Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəbə qəhrəmanın adı verilmiş, məktəbin qarşısında büstü qoyulmuşdur.