26 avqust 1965-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1972-ci ildə Yasamal rayon 52 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Elə həmin il Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda işə düzəlir. 1983-cü ildə orduya çağırılır. Hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçirir. 1985-ci ildə hərbi xidmətini başa vurub, əvvəlki iş yerinə qayıdır. Uşaqlıqdan onda incəsənətə böyük maraq yaranmışdı. Elə bu həvəs də onu “Yaşıl teatr”a gətirir. 1989-cu ildə bu teatra baş inzibatçı təyin edilir. Burada çalışarkən sənədlərini Azərbaycan İncəsənət Universitetinə verir və mədəni-maarif fakültəsinə daxil olur. Eldar erməni işğalçılarının torpaqlarımıza soxulmasından hiddətə gələrək, könüllü cəbhəyə getməyi qərara alır. O, 20 mart 1992-ci ildə 776 saylı hərbi hissədə PDM-ə (piyadaların döyüş maşını) komandir təyin edilir. 9 may 1992-ci ildə Bakıdan cəbhəyə yola düşür. Şərəfli döyüş yolu da elə buradan başlayır. Bir çox hücumların qarşısının alınmasında, yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində onun müstəsna xidmətləri olmuşdur. 15 may 1992-ci il... Şuşa rayonunun Zarıslı kəndində ağır döyüş gedirdi. Eldar qəhrəmanlıqla vuruşurdu. O, yoldaşlarını xilas edərkən sağ ayağından ağır yaralanır. Qubadlı rayon xəstəxanasına çatdırılır. Lakin çoxlu qan itirdiyindən, onu xilas etmək mümkün olmur. Ailəli idi. Bir qızı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cii il tarixli 202 saylı fərmanı ilə Məcidov Eldar Tofiq oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.