5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində dünyaya göz açmışdır. 1988-ci ildə daşnakların mənfur siyasəti nəticəsində Səxavət də öz el-obasından didərgin düşmüşdür. Doğma kəndlərindən ayrılanda o, doqquzuncu sinifdə oxuyurdu. Ailələri bir müddət Gürcüstanda yaşamış, oradan da Bakının Lökbatan qəsəbəsinə köçmüşdür. 1990-cı ildə qəsəbədə 106 saylı orta məktəbi bitirdikdən sonra, 1 saylı Təmir-Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından idi. Onun musiqiyə, şerə həvəsi cox güclü idi. Özü də şer yazırdı. S.Məhərrəmov 1991-ci ilin noyabrında könüllü olaraq hərbi xidmətə başlayır - əvvəlcə Daxili Qoşunlarda, sonra isə təzəcə yaranan Milli Ordu sıralarında. Qorxmazlığı, igidliyi ona döyüşçü dostları arasında böyük hörmət qazandırmışdı. Bir sıra hərbi əməliyyatlarda fəal iştirak etmiş, rəşadət nümunəsi göstərmişdi. 27 iyun 1992-ci il... Ağdərənin strateji əhəmiyyətli Möhrətağ kəndi dəfələrlə əldən-ələ keçmişdi. Kənd uğrunda qızğın döyüş gedirdi. Səxavət tez-tez yerini dəyişir, düşmən mövqelərinə dağıdıcı zərbələr endirirdi. Nəhayət, ermənilər əllərində olan zirehli maşını da itirdikdən sonra kəndi tərk etməyə məcbur oldular. Bölmə geri dönərkən kəndin yaxınlığındakı meşədə mühasirəyə düşür. Bu zaman Səxavət düşmən gülləsinə tuş gəlir və qəhrəmanlıqla həlak olur. Subay idi. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanə” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbə onun adı verilib. Məktəbin dəhlizində büstü qoyulmuşdur.